Portuqaliya millisinin sabiq üzvü Rikardo Kuareşma komandasının dünya çempionatında İspaniyaya məğlub olaraq mübarizəni dayandırmasına sərt reaksiya verib. Sport24.az xəbər verir ki, "LiveMode TV"yə danışan Kuareşma Portuqaliya millisinin turnirdə gözləntiləri doğrultmadığını bildirib:

"Hamı bu komandanı Portuqaliya tarixinin ən güclüsü adlandırırdı. Amma hansı mənada? Nə qazanıblar? Başımız aşağı şəkildə evə qayıdırıq. Orta sahədə və hücumda dünya səviyyəli futbolçularımız var, amma bu dünya çempionatında çox zəif çıxış etdilər. Müdafiədə də xaos var idi. Burada dayanıram, yoxsa sonradan peşman olacağım sözlər deyərəm", – deyə sabiq futbolçu vurğulayıb.

Kuareşma matçdan sonra komandanın kapitanlarından Ruben Dias ilə də müzakirə aparıb. Dias komandanın inkişaf etdiyini və İspaniyaya qarşı yaxşı oyun keçirdiklərini desə də, Kuareşma bununla razılaşmayıb.

"Oyun boyu yalnız geri və eninə ötürmələr gördüm. Topa sahib olmaqla kifayətləndiniz, amma təhlükə yarada bilmədiniz. Rafael Leao, Pedro Neto və Fransisku Konseysao kimi birəbir mübarizədə fərq yaradan futbolçularınız var. Onlardan daha yaxşı istifadə edilməlidir", – deyə Kuareşma bildirib.

Dias isə cavabında Portuqaliya millisinin İspaniya kimi vahid futbol məktəbinə malik olmadığını, komandanın fərdi keyfiyyətlər hesabına oynadığını qeyd edib. Sonda tərəflər qarşılıqlı hörmət çərçivəsində fikirlərini bölüşərək əl sıxıblar.