"TNS "Sabah" üçün o qədər də ciddi rəqib deyil. Amma belə oyunlarda rəqibi heç vaxt kiçiltmək olmaz". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sabah" – TNS oyunundan gözləntilərini bölüşüb:

"Hansısa komandanı ciddiyə almırsansa, bunun acısını sonradan çəkə bilərsən. Düşünürəm ki, "Sabah" həm heyət keyfiyyəti, həm də ümumi oyun səviyyəsinə görə TNS-dən üstündür. Ancaq bu, heç də mərhələni əvvəlcədən keçdikləri anlamına gəlmir. Mövsümün ilk rəsmi oyunlarında komandaların müəyyən çatışmazlıqları olur. Həm "Sabah", həm də TNS hələ tam optimal formada deyil. Fikrimcə, hər iki komanda ilk növbədə nəticəyə hesablanmış futbol oynamağa çalışacaq. Ümumilikdə isə şansları 60/40 nisbətində "Sabah"ın xeyrinə qiymətləndirirəm. TNS keçilməsi mümkün olan rəqibdir".

Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.