"Mançester Siti"nin ulduz futbolçusu Bernardo Silva mövsümün sonunda İngiltərə klubu ilə vidalaşacağını rəsmən açıqlayıb. Sport24.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Soltinhos pelo Mundo" proqramına müsahibəsində ayrılıq qərarının pərdəarxası məqamlarından və Mançester təmsilçisində keçirdiyi illərdən danışıb.

Təcrübəli oyunçu bu addımı ani hisslərlə atmadığını, hər şeyi öncədən planlaşdırdığını bildirib:

"Bu, birdən-birə verilmiş qərar deyil, müəyyən vaxt apardı. Təkcə mənim yox, ümumilikdə ailəmin ortaq seçimidir. Hələ 2023-cü ildə klubla son müqaviləmi imzalayanda mövsümün sonunda ayrılmaq barədə düşünürdüm".

Həftəsonu "Aston Villa"ya qarşı keçiriləcək matçın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyən Silva, emosional anlar yaşayacağını gizlətməyib:

"Ağlayacağımı düşünmürəm. Amma bəzi komanda yoldaşlarımla son dəfə eyni meydana çıxacağımı bilmək çox qəribə və emosionaldır. Karyeram ərzində daha əvvəl heç vaxt belə möhtəşəm klubda olmamışam".

Bernardo Silva "şəhərlilər"in heyətindəki ən yaddaqalan an kimi 2022/23 mövsümündə UEFA Çempionlar Liqasının qazanılmasını göstərib. O, İstanbuldakı finaldan sonra yaşanan çılğın qeyd etmələri belə xatırlayıb:

"Final İstanbul vaxtı ilə saat 22:00-da başladı. Otelə gecə saat 02:00-da qayıda bildik və bütün gecəni bayram etdik. Demək olar ki, iki gün yarım idi ki, yatmırdıq".

Baş məşqçi Pep Qvardiola ilə münasibətlərinə toxunan yarımmüdafiəçi, kataloniyalı mütəxəssisin ona olan xüsusi rəğbətindən söz açıb və komandadakı ləqəbini açıqlayıb:

"Ona nə etdiyimi, özümü necə sevdirdiyimi həqiqətən bilmirəm. Amma ilk gündən həm məşqçimin, həm də klubun böyük dəstəyini və sevgisini hiss etmişəm. Hətta komandada zarafatla mənə Bernardiola ləqəbini veriblər".