Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün idmançılarımız dörd növdə mübarizə aparacaqlar.
3x3 basketbol üzrə Azərbaycan millisi yarımfinalda Misir ilə üz-üzə gələcək.
Atletlərdən Əlhəm Nağıyev 200 metr, Azərbaycan yığması isə 4x100 metr məsafəyə qaçışda çıxış edəcək.
Qılıncoynadanlardan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə mükafatçılar arasında yer almağa çalışacaqlar.
Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 46 mükafatla (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.