Fransa millisinin kapitanı Kilian Mbappenin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyun üçün Bakıya gəlməməsi ölkəsində geniş müzakirələrə səbəb olub. Sport24.az-ın məlumatına görə, ulduz hücumçunun komandanın mundialın əsas mərhələsinə vəsiqə qazanmasından sonra "diplomatik zədə" səbəbində səfərə çıxmaması yeni qalmaqal yaradıb.

O, Ukraynaya 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra sağ topuğundakı narahatlıq səbəbindən yığmanın düşgəsindən ayrılıb.

Mbappenin Azərbaycan səfərinə qoşulmadığı halda Dubaya getməsi daha bir qalmaqal yaradıb. Üstəlik, Dubaya uçuş Bakıya gəlməkdən daha çox - 6 saat 40 dəqiqə çəkib.

Şübhələri gücləndirən başqa məqam da var. Fransa Futbol Federasiyası İspaniyanın "Real" klubuna məxsus olan oyunçunun Madriddə tibbi müayinədən keçəcəyini bildirsə də, La Liqa təmsilçisi forvardın növbəti matça hazır olacağını və heç bir müayinə planlaşdırılmadığını açıqlayıb.

Bu isə "diplomatik zədə" iddialarını gündəmə gətirib.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.