"Arsenal", "Barselona" və Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri və britaniyalı teleaparıcı Keyt Skott 2026-cı il "Ballon d"Or" (Qızıl Top) mərasiminin aparıcıları olacaqlar. Sport24.az xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsi məlumat yayıb.

 

Anri və Skott tez-tez Amerika teleşəbəkəsi "CBS Sports"un Çempionlar Liqası yayımlarında birlikdə çalışırlar.

 

Fransalı veteran futbolçu bununla bağlı "L"Équipe" nəşrinə açıqlama verib:

 

"Bu ilki 'Ballon d"Or' mərasiminin aparıcısı olmaq mənim üçün böyük şərəfdir. London elə bir şəhərdir ki, burada özümü həmişə evimdəki kimi hiss edirəm. Şəhərin futbol mədəniyyəti və coşğulu azarkeşləri ilə dərin bağlarım var. Bu tədbirə dostum və həmkarım Keytlə birlikdə ev sahibliyi etmək çox təbii görünür. Bu, həqiqətən də xüsusi bir axşam – dünya futbolunun təqdim etdiyi ən yaxşıların qeyd olunacağı bir tədbir olacaq".

 

Qeyd edək ki, "Ballon d"Or"un 70-ci ildönümünə həsr olunmuş mərasim oktyabrın 26-da "London Palladium"da keçiriləcək. Bununla da, mükafatın tarixində ilk dəfə olaraq mərasim Britaniya paytaxtında təşkil olunacaq.