Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

 

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

 

3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Fildişi Sahili seçməsi ilə üz-üzə gələcək.

 

Paraatlet Samir Nəbiyev (F57) disk atmada, atletlərdən Nazim Babayevlə Rüstəm Məmmədov üçtəkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə atmada uğur qazanmağa çalışacaqlar.

 

Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.

 

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 45 mükafatla (5 qızıl, 14 gümüş, 26 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.