Azərbaycan güllə atıcıları Perunun Lima şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixi nəticəyə imza atıb. Sport24.az xəbər verir ki, ilk dəfə olaraq müstəqil Azərbaycanın gənc atıcıları gənclər arasında dünya çempionatında medal əldə ediblər.

 

Mundiala 7 idmançı ilə qoşulan yığmamız yarışları ümumi medal sıralamasına görə 12-ci pillədə başa vurub.

 

Çempionatın ilk günündə qızlardan ibarət komandamız – Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalova komandalararası 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə keçirilən yarışın finalında uğurla çıxış edərək gümüş medal əldə ediblər. Onlar yalnız Hindistan komandasına məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

İmran Qarayev oğlanlar arasında 50 metr məsafəyə atəş yarışında qızıl medal qazanıb. O, final mərhələsində 552 xalla Rumıniyalı rəqibini geridə qoyaraq gənclər üzrə dünya çempionu titulunu qazanıb.Eyni gündə digər idmançımız Sofiya Barxalova qızlar arasında 50 metr məsafəyə atəş yarışında 535 xal toplayaraq bürünc medala sahib çıxıb.

 

Bundan əlavə, fərdi yarışlarda Zeynəb Sultanova və Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışlarda final mərhələsinə ikinci olaraq vəsiqə qazansalar da, mübarizəni 5-ci pillədə başa vurublar. Ümumilikdə 51 ölkədən 566 idmançının iştirak etdiyi çempionatda yalnız 15 ölkə, o cümlədən Azərbaycan çempionluq sevincini yaşayıb.