Azərbaycan Basketbol Liqasında 2026/27 mövsümünün ikinci turuna start verilib. Sport24.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Naxçıvan" səfərdə "Sumqayıt"ı 87:76 hesabı ilə məğlub edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüşə meydan sahibləri daha yaxşı başlayaraq ilk periodu 25:21 hesabı ilə üstün tamamlayıblar. Lakin ikinci periodda təşəbbüsü ələ alan "Naxçıvan" 29:15 hesablı üstünlük qazanıb.
Böyük fasilədən sonra "Sumqayıt" üçüncü periodda 23:17 hesabı ilə qalib gələrək fərqi azaldıb. Son period isə 20:13 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Matçın ən məhsuldar basketbolçusu "Naxçıvan"ın heyətində 35 xal toplayan Ceremi Heys olub.
Beləliklə, "Naxçıvan" ikinci turu qələbə ilə başa vurub, ilk turda qalib gələn "Sumqayıt" isə mövsümdə ilk məğlubiyyətini alıb.
İkinci turun daha iki oyunu oktyabrın 10-da Bakı İdman Sarayında keçiriləcək. Saat 15:00-da "LANDAU Lions" NTD ilə, saat 18:00-da isə "Neftçi" "Ordu" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Gəncə" - "Sabah" matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.