Misli Premyer Liqasının VII turunda "Sabah" ilə evdə qolsuz bərabərliyə (0:0) imza atan "Neftçi"nin baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşdü:

 

– İlk növbədə bildirmək istəyirəm ki, həm "Neftçi"nin, həm də "Sabah"ın sərgilədiyi performans çox xoşuma gəldi. Biz çempionatın iddialı komandalarından birinə, Çempionlar Liqasında çıxış edən rəqibə qarşı oynadığımızı yaxşı dərk edirdik. "Sabah"ın son matçlarına baxsaq, hətta "Mançester Yunayted"lə oyundakı 0:4 hesablı məğlubiyyətdə də komandanın böyük əzmkar xarakterə malik olduğu aydın görünür. Bu gün də tərəflər arasında bərabər səviyyəli mübarizə getdi. Bəlkə də bizim daha çox qol imkanımız oldu, lakin onları reallaşdıra bilmədik. "Sabah" bu günə qədər keçirdiyi 6 matçda qapısında cəmi 1 qol görmüşdü, bu da onların necə möhkəm müdafiə xəttinə sahib olduğunu göstərir. Futbolçularıma təşəkkür edirəm ki, oyunun tempini və intensivliyini sonadək qoruyub saxladılar. Top uğrunda mübarizələrdə rəqibdən geri qalmadılar. Xoşuma gəlməyən yeganə məqam qol vura bilməməyimiz oldu. Lakin futbol belədir, "Sabah" kimi rəqiblə matçda 1 xal da pis nəticə deyil. Nəzərə alaq ki, hər iki komandadan, bizdən 8, rəqibdən isə 10 futbolçu milli komandaların heyətinə dəvət almışdı. Bu səbəbdən fasilə zamanı təlim-məşq toplanışında tam heyətlə çalışa bilmədik. Yeni transferimiz komandaya yalnız dünən qoşuldu, "Sabah"da da Xəyal Əliyev və Coy-Lens Mikels toplanışları buraxmalı oldular. Bunlar futbolun tərkib hissəsidir, təşvişə düşməyə ehtiyac yoxdur. Şadıq ki, oyunçularımız milli komandalarda çıxış edirlər. Azərbaycan millisinin də öz qrupunda birinci yeri tutmaq potensialı var.

 

– Bu gün "Neftçi" 2 xal itirdi, yoxsa 1 xal qazandı?

 

– Bir baş məşqçi kimi deyə bilərəm ki, 2 xal itirdik. Mən hər matçda qalib gəlmək və 3 xal qazanmaq istəyirəm. Məncə, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas da eyni düşüncədədir. Rəqibin kimliyindən, "Sabah", "Qarabağ" və ya başqa bir klub olmasından asılı olmayaraq, hər zaman maksimum nəticə üçün meydana çıxırıq. Baş məşqçi başqa cür düşünsə, komanda da həmin ruhda oyun göstərər.

 

– Hakim idarəçiliyi sizi nə dərəcədə narazı saldı?

 

– Hakimliyi şərh etmək istəməzdim. Ümumiyyətlə, mən oyun zamanı çox emosional oluram, texniki zonada qışqırıram, amma matç bitən kimi dərhal sakitləşirəm. Hakimlik haqqında qiymət vermək mənim işim deyil, bunun üçün başqa şəxslər var. Normal oyun keçdi və referilər hər iki komandaya qarşı obyektiv münasibət sərgilədilər.

 

– Növbəti turlarda sizi "Qarabağ" və "Turan Tovuz"a qarşı ağır oyunlar gözləyir. Bu qarşılaşmalardan neçə xal sizi qane edəcək?

 

– Evdə, yaxud səfərdə oynamağımızdan asılı olmayaraq, meydançaya hər zaman qələbə üçün çıxırıq. Əgər çempion olmaq istəyiriksə, çempionsayağı matç göstərməyə borcluyuq.

 

– Klinsman ikinci hissədə zədələndi. Matçın son 15-20 dəqiqəsində hücumla müdafiə arasında əlaqəni bərpa etmək üçün Emin Mahmudovu meydana buraxmaq olmazdı?

 

– Biz dəyişiklik planını oyun öncəsindən müəyyənləşdiririk. Emin Səfərovu ona görə əvəzlədik ki, matç həddən artıq intensiv keçirdi və gənc oyunçunun üzərinə böyük yük düşürdü. Komandada 20 futbolçu  var və onların hər biri oynamağa hazırdır. Amma matç ərzində cəmi 5 dəyişiklik etmək hüququmuz var. Qustavo zədələnib çıxanda hakim Varqas daxil olsun deyə fasilə yaratdı. Həmin an texniki zonada dəqiq bilmədik ki, 1, yoxsa 2 dəyişiklik pəncərəmiz qalıb. Reqlament pozuntusuna yol verməmək üçün risk etməyib 4 dəyişikliklə kifayətləndim, yoxsa 5-ci dəyişikliyi də etmək niyyətim var idi.