Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sport24.az xəbər verir ki, qurumun prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə baş tutan toplantının gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Bildirilib ki, təkcə ötən ilin dekabrında 3 seminar keçirilib və burada ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.
İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim olunacaq.
Toplantı zamanı AKF-də fəxri prezidentlik institutun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.