Tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yeni, 3 mərtəbəli tədris korpusu istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, nazir Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub.

Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.

Yeni tədris korpusunda auditoriyalara II Qarabağ müharibəsində ADBTİA-nın şəhid olmuş 13 məzununun adı verilib və ad-soyadları yazılan lövhələr auditoriyaların qapılarına vurulub. Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər cür şərait yaradılıb. Rektor Fuad Hacıyev məlumat verib ki, Akademiyanın şəhid məzunlarının adlarına xüsusi təqaüdlər də təsis edilib. Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib və təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.