Tennisçi Karlos Alkaras xarici mediaya açıqlamasında zədəli olduğu dönəmdən və hədəflərindən danışıb. Sport24.az xəbər verir ki, 19 yaşlı ispaniyalı zədə müddətində daha çox düşündüyünü və səhvlərini anladığını bildirib.

"Zədəli olduğum müddətdə bir çox şeyi anladım. Açıq Avstraliya kimi böyük turnirdə iştirak etmədiyin zaman nəyi səhv etdiyini düşünürsən. Zədə hər kəsin başına gələ bilər, amma komanda şəklində kort üzərindəki hərəkətlərini analiz etdikdə nələrin doğru olmadığını görürsən. İstirahət, vitaminlər, qidalanma... Zədə öyrənmək üçün zamandır. Asan deyil, çətin günlər keçirdim. Daha güclü olmağım üçün məşq etməliyəm. Müalicə müddətimdə psixoloqumla da işlərimiz çox idi. Yarış zamanı və kənarda mənə çox kömək edir. Zədə müddətində Rafael Nadal haqqında çox düşündüm. Ən yaxşı idmançılar uzun müddət kənarda qaldığı zaman çıxış etdikləri ilk turniri qazanırlar. Mən də həmin oyunçulardan olmaq istəyirəm" - deyə, Alkaras bildirib.

Gənc tennisçi qarşıdakı hədəflərindən də söz açıb: "Cari il üçün bir hədəf düşündüyümdə "Grand Slam" yarışını qazanmalıyam, ya da "Masters 1000" turnirində qalib olmalıyam. Qeyd etdiklərim mənim üçün böyük hədəflərdir. Dünyanın bir nömrəsi olmaq üçün böyük turnirləri qazanmalısan. Bunun üçün əlimdən gələni edəcəyəm. Rafael nadal və Novak Djokoviçi məğlub etmək istiyirəm. Öz tariximi yazmaq istəyirəm. Ən yaxşı tennisçilərdən olmaq və ya onlara yaxınlaşmaq üçün çalışmalıyam. Bəlkə də imkansızdır, amma bu dünyada böyük düşünməli və böyük xəyal qurmalısan".

Qeyd edək ki, Karlos ötən il Açıq Amerika və "Masters 1000" turnirinin qalibi olub. İdmançının aktivində ümumilikdə 6 "ATP Tour" çempionluğu var.