Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxacaq. Sport24.az xəbər verir ki, kişilər arasında 73 kq çəki dərəcəsində Əbil Yusubov 1/16 finalda fransalı Kassim Brosso ilə qarşılaşacaq.

 

81 kq-da mübarizə aparan Cəsur İbadlı 1/16 finalda Yaqor Talaka (Belarus) - Sergey Karakin (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Eyni çəkidə Mehdi Abbasov isə 1/16 finalda Monteneqro təmsilçisi Petar Payoviçlə qarşılaşacaq.

 

Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

 

Xatırladaq ki, turnirin ilk günündə mübarizə aparan Azərbaycan cüdoçularından 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da isə Məhəmməd Musayev qızıl medal qazanıb, 48 kq-da Nərgiz Əhmədova və Gülgəz Musayeva, 52 kq-da Aysun Məmmədova, 57 kq-da isə Aytən Verdiyeva və Xədicə Qədəşova məğlub olublar.