Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, - 60 kq çəki dərəcəsində çıxış edən idmançımız dairəvi sistem üzrə üç görüş keçirib.

 

Coşqun Əliyev ilk qarşılaşmada 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedronu 2:0 hesabı ilə məğlub edib.

 

Cüdoçumuz ikinci görüşdə qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzub. Son qarşılaşmada isə Türkiyə təmsilçisi Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.

 

Beləliklə, Coşqun Əliyev "Masters Top 18" turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.

 

Bu nəticə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilk kimi qeydə alınıb.