Cənubi Koreyanın paytaxtı Seulda boccia üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, BC2 kateqoriyasında mübarizə aparan bocciaçımız Sona Ağayeva 1/8 finalda dünya reytinqinin yeddinci pilləsində qərarlaşan Böyük Britaniya təmsilçisi Kayleigh Brown üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
Paralimpiyaçımız 1/4 finalda dünya reytinqində səkkizinci sırada olan çexiyalı Jirina Kreibichova ilə qarşılaşacaq.
Qeyd edək ki, boccia dəqiqliyə əsaslanan paralimpiya idman növüdür. O, müəyyən mənada kerlinqi xatırladır, lakin burada daşların əvəzinə toplardan istifadə olunur.
İdmançılar növbə ilə qırmızı və mavi topları atır və ya diyirlədirlər. Məqsəd topları kiçik ağ topa – "cek"ə mümkün qədər yaxın yerləşdirməkdir. Bununla yanaşı, rəqibin toplarını vuraraq kənarlaşdırmaq və ya "cek"in yerini dəyişmək də mümkündür. Bu səbəbdən bocciada təkcə dəqiqlik deyil, taktiki düşüncə də mühüm rol oynayır.