Azərbaycan oxatanları Belarusun Brest şəhərində keçirilən kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal əldə ediblər. Sport24.az xəbər verir ki, avqustun 24-28-də P.İ.Klimuk mükafatları uğrunda təşkil olunan yarışda Azərbaycan, Rusiya, eləcə də Tatarıstan, Buryatiya və Saxa respublikalarından 220 idmançı iştirak edib.
Milli komandamızın üzvü Fatimə Hüseynli U-21-lər arasında fərdi yarışda 70 metr məsafədə 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb.
Uğur komanda yarışında da davam edib. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət qadın millimiz final görüşündə Rusiya təmsilçilərini 5:3 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirdə Azərbaycan yığmasına baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvili rəhbərlik ediblər.