"Karvan-Yevlax"ın hədəfi hər zaman yüksək olub. I Liqada da əsas məqsədimiz düzgün və sistemli şəkildə mübarizə aparmaq, mövsümün sonunda layiq olduğumuz nəticəni əldə etməkdir". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərli deyib.
Futbol funksioneri bölgə təmsilçisinin hər zaman yüksək hədəflər uğrunda mübarizə apardığını bildirib:
"Konkret nəticə ilə bağlı böyük vədlər verməkdənsə, meydanda bunu göstərməyi daha doğru hesab edirik. İnanırıq ki, düzgün iş və sabitlik bizi istədiyimiz hədəfə aparacaq. Transfer prosesində əsas meyarımız futbolçunun adı və ya milliyyəti deyil, komandaya verə biləcəyi töhfədir. Əcnəbi futbolçuların heyətə qoşulmasını həm rəqabəti artırmaq, həm də komandaya əlavə keyfiyyət gətirmək baxımından dəyərləndiririk. Eyni zamanda yerli futbolçulara və akademiyamızdan yetişən oyunçulara da xüsusi önəm veririk. İnanırıq ki, formalaşdırdığımız heyət mövsüm ərzində sözünü deyəcək. "Səbail" Azərbaycan futbolunda özünəməxsus yeri olan və ciddi hədəfləri olan klubdur. Onlara hörmətlə yanaşırıq. Amma "Karvan-Yevlax" da məqsədləri və ambisiyaları olan komandadır. I Liqada rəqabətin kifayət qədər ciddi olacağını düşünürəm. Biz rəqiblərin gücünə deyil, öz işimizə və komandamızın potensialına fokuslanacağıq. Ən dolğun cavabı isə, düşünürəm ki, mövsümün sonunda turnir cədvəli verəcək".
Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm elitada sonuncu pilləni tutaraq Birinci Liqaya yuvarlanıb.