Azərbaycan Karate Federasiyasının rəhbərliyinin iştirakı ilə dənizkənarı ərazidə karate üzrə genişmiqyaslı texniki seminar keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 200-dən çox məşqçi, 17 yaşdan yuxarı idmançı və qara kəmər sahibi iştirak edib.
Seminara Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı və 8-ci dan qara kəmər sahibi Ülvi Quliyev rəhbərlik edib. Təlim çərçivəsində karate texnikasının əsas elementləri, müasir məşq metodları və texniki hazırlığın təkmilləşdirilməsi ilə bağlı praktiki məşğələlər keçirilib.
İştirakçılara həmçinin peşəkarlığın artırılması və idmançıların uzunmüddətli inkişafı istiqamətində müxtəlif metodiki tövsiyələr verilib.
Seminarda Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, federasiya nəzdində fəaliyyət göstərən üslubların rəhbərləri, məşqçilər və təcrübəli idmançılar da iştirak ediblər.
Tədbirin əsas məqsədi ölkədə karatenin inkişafına töhfə vermək, məşqçi və idmançıların texniki hazırlıq səviyyəsini yüksəltmək, vahid metodiki yanaşmanı gücləndirmək və gənc karateçilərin peşəkar inkişafına dəstək göstərmək olub.