İsveçrənin Lozanna şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan 14 cüdoçu ilə təmsil olunacaq. Sport24.azAzərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda cüdoçular 9 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Qadınların yarışında Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq), kişilər arasında isə Əhməd Yusifov (60 kq), Turan Bayramov, Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.
Yarışda A kateqoriyalı beynəlxalq hakimimiz Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.