Misli Premyer Liqasının III turunda keçirilən "Qəbələ" – "Şamaxı" (0:0) matçından sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşdü:
– Düşündüyümüz kimi çətin qarşılaşma oldu. Bəlkə də, "Qəbələ" son turlardakı ən yaxşı oyununu nümayiş etdirdi. Şükürlər olsun ki, bu sınağın öhdəsindən gələ bildik. Mövcud situasiyada səfərdə xal qazanmaq vacib idi. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı mübarizə apardılar. İndi yalnız qarşıdakı matçlara fokuslanacağıq.
Azər Bağırov ardınca jurnalistlərin suallarını cavablandırdı:
– Səfərdə 1 xal qazandınız, yoxsa hücumları nəzərə alsaq, 2 xal itirdiyinizi düşünürsünüz?
– Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamağımız çatmadı. Rəqibi azlıqda yaxaladığımız epizodlar oldu, 3-ə 3, 4-ə 3 hücum şansları əldə etdik, lakin son nöqtəni qoymaqda dəqiqlik çatışmadı. Məşqlərdə bu komponent üzərində daha çox çalışacağıq. Çempionat yeni başlayıb. Turnir cədvəlində sənə yaxın olan rəqiblərlə oyunlar daha çox enerji tələb edir, çünki xal itirmək qorxusu psixoloji təzyiq yaradır. Yuxarı pillələrdə qərarlaşan komandalarla qarşılaşmalarda isə futbolçular daha rahat çıxış edirlər. Bu baxımdan onları başa düşürəm.
– Komanda çempionata ard-arda səfər oyunları ilə başlayıb və hələ də öz meydanınızda azarkeşlər önünə çıxmamısınız. Bu amil komandanın xarakterinə və formalaşmasına necə təsir edir?
– Əlbəttə, doğma azarkeşlərimizin önündə çıxış etmək daha xoş olardı, lakin bu sınaqlar futbolçularımı daha da bərkidəcək. "Qarabağ", "Turan Tovuz" və "Qəbələ" kimi çətin səfərlərdə oyundan-oyuna xal qazana bilirik, bu, müsbət haldır. Səhvlərimiz var və onların üzərində işləyəcəyik. Qarşıda bizi növbəti səfər matçı gözləyir, lakin nikbinik. Tezliklə stadionumuzdakı işıqlandırma sistemi ilə bağlı məsələ tam həll olunacaq və öz meydanımızda azarkeşlərimizi qələbələrlə sevindirəcəyik.