Misli Premyer Liqasının III turu çərçivəsində baş tutan "Qəbələ" – "Şamaxı" (0:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra təşkil edilən mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşdü:
– Oyuna ilk 15 dəqiqədə yaxşı başladıq. Qol vəziyyətləri yaratsaq da, son nöqtəni qoya bilmədik. Akinade yaxın məsafədən əlverişli şansı boşa verdi. Sistemimizdə Meşak və Brunodan çox şey asılıdır. Bruno bu gün gözlənilən oyunu nümayiş etdirə bilmədi. Sonda 4-4-2 sisteminə keçməli olduq və bundan sonra da epizodlarımız yarandı, lakin yenə də sonluq çatışmadı. Rəqibin görüşün əvvəlindəki müəyyən üstünlüyünü çıxsaq, qarşılaşmanın böyük hissəsində oyuna nəzarət edən tərəf biz idik. Yeni gələn futbolçular fəlsəfəmizi mənimsəməlidirlər. Ötən mövsüm Domi, Prins və Balua üçlüyü hücumu təşkil edirdi. Bu gün Bruno həmin rolu üzərinə götürməli idi, lakin alınmadı. Əsas problem tempi tuta bilməməsidir. Bəlkə də komandaya gələndə Premyer Liqanın səviyyəsinin və sürətinin bu dərəcədə yüksək olduğunu gözləmirdi. Burada sürətli futbol oynanılır və anında dəqiq qərar vermək lazımdır. Buna baxmayaraq, Brunoya ümidimiz böyükdür. O, yüksək keyfiyyətə malik futbolçudur.
Kaxaber Sxadadze ardınca jurnalistlərin suallarını cavablandırdı:
– Bu dəfə meydanda iki deyil, bir hücumçu gördük. Akinadeyə şans verməyiniz nə ilə bağlı idi?
– Sadəcə taktiki seçim etdik. Hər iki hücumçumuza güvənirik. Ötən oyundan sonra anladıq ki, eyni anda iki forvard çıxış edəndə kombinasiyalı oyunumuz alınmır. Hücumun arxasında yer alan futbolçu isə komandanı ötürmələrlə daha yaxşı təmin edə bildi. Rossi də matça pis qoşulmadı, fərqlənə bilərdi. İki forvardımızın olmasından növbəti matçlarda da istifadə edə bilərik.
– Komanda üç matçdır qələbə qazanmır və qol vura bilmir. Bu durum rəhbərlik və azarkeşlər tərəfindən nə dərəcədə psixoloji təzyiq yaradır?
– Azarkeşlər tərəfindən təzyiq təbii ki, olacaq və bunu anlayışla qarşılayırıq. Üç oyundur qələbə qazanmamağımız və qol vura bilməməyimiz futbolçulara psixoloji baxımdan təsir edir. Bu gün istədiyimiz oyuna yaxın performans göstərdik, lakin qol gəlmədikcə təzyiq qaçılmaz olur.
– Ötən mövsüm "Şamaxı"da parlaq çıxış edən Rossinin "Qəbələ"də özünü göstərə bilməməsinin səbəbi nədir?
– Mən də şəxsən Rossiyə böyük ümidlər bəsləyirdim. O, keçən mövsüm özünü yaxşı tərəfdən göstərmişdi, amma komandamıza çox gec qoşuldu və fiziki baxımdan hazır gəlməmişdi. Eyni sözləri çempionatın başlamasına üç gün qalmış heyətə qatılan Bruno haqqında da demək olar. Hər iki futbolçu hələ ki optimal tempə düşməyib.