İspaniyanın Madrid şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.

Sport24.az xəbər verir ki, 14 hakimin iştirakı ilə keçirilən  imtahan BCF-in hakimlər üzrə direktoru Daniel Florin Laskau və Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin sədri Aleksandr Yastkeviç tərəfindən keçirilib. 

İmtahanda ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev da iştirak edib.

Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, həmin tarixlərdə keçirilən böyüklər arasında Açıq Avropa Kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Nazim Umbayev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Xatırladaq ki, cari ilin may ayında ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli də A kateqoriyalı hakim statusu qazanmışdı.