Azərbaycan cüdoçuları sentyabrın 11-dən 13-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Turnirdə ölkəmizi 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) təmsil edəcək.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.
Qadınlar arasında Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisionova (+78 kq) medal uğrunda mübarizə aparacaq.
Kişilərdə isə Murad Muradlı və Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev və Nizami İmranov (hər ikisi 66 kq), Kamran Süleymanov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov və Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) fəxri kürsüdə yer almağa çalışacaq.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.