Fransa millisinin sabiq futbolçusu Samuel Umtiti Kilian Mbappenin "Qızıl top"u qazanmaq şansları barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Umtiti "RMC"-də yayımlanan "After Foot" proqramında Mbappenin "Qızıl top" üçün səs verməli olsaydı, özünə səs verəcəyini deməsinə münasibət bildirib.

"Mbappe özünə güvənən insandır. Mükafata kimin layiq olduğunu müəyyənləşdirmək ona düşmür. O, meydanda baş verənlərə fokuslanmalıdır", - deyə Umtiti bildirib.

"Barselona"nın sabiq müdafiəçisi Mbappenin mövsüm ərzində çox qol vurduğunu və bəzi matçlarda yüksək səviyyədə çıxış etdiyini qeyd edib:

"Ondan səncə, "Qızıl top"u kim qazanacaq?, deyə soruşsanız, sonda sizə bu mükafata özünün layiq olduğunu deyəcək. Qalibi müəyyən etmək isə onun işi deyil".

Umtiti özü də "Qızıl top" mükafatının hazırkı vəziyyətini tənqid edib. Onun sözlərinə görə, futbolun komanda idmanı olması nəzərə alınmalıdır:

"Bu mərasimi heç izləmirəm. Hücumçular üçün "Qızıl top" qazanmaq möhtəşəm hadisədir. Amma bu mərasim bütün mənasını itirib. Futbol komanda idmanıdır və bu yanaşma ona zərər verir. Bəziləri komanda titullarından daha çox "Qızıl top" qazanmağı düşünürlər".

O, həmçinin bildirib ki, Lionel Messi və Kriştiano Ronaldo dövründən sonra mükafata maraq azalıb:

"Messi-Ronaldo dövründən bəri bu mükafata baxmıram. Onların inanılmaz statistikaları var idi və böyük titul qazanmasalar belə, mövsümləri möhtəşəm keçdiyi üçün bu, çox da önəmli deyildi. İndi isə digərlərindən açıq şəkildə üstün olan bir futbolçu yoxdur".