"Neftçi" ilə oyunda ilk qola qədər düzgün və intizamlı müdafiə olunmağı bacarırdıq. Rəqibə çox imkan vermirdik və oyunun həmin hissəsində planımız işləyirdi". Bu sözləri "Şəfa"nın kapitanı Murad Musayev Sport24.az saytına açıqlamasında deyib.

Təcrübəli müdafiəçi komandasının Misli Premyer Liqasının 4-cü turunun "Neftçi"yə (4:1) məğlubiyyətini şərh edib.

"Sadəcə, ilk qolda rəqib futbolçunun fərdi keyfiyyəti ön plana çıxdı. Fərdi ustalıq hesabına baxımlı qol vurdu. İkinci hissəyə də yaxşı başlamışdıq və fərqlənərək hesabı bərabərləşdirdik. Lakin daha sonra öz səhvimizdən buraxdığımız qol bizi ruhdan saldı. Bundan sonra toparlanmaqda çətinlik çəkdik. "Neftçi"nin heyətində çoxlu keyfiyyətli və fərdi baxımdan güclü futbolçular var. Burada böyüdüləsi və ya əlavə söz deyiləsi bir şey yoxdur. Futbolda belə nəticələr olur. Əsas məsələ bu cür oyunlardan düzgün nəticə çıxarmaq və eyni səhvləri təkrarlamamaqdır. Biz də çalışırıq ki, bu məğlubiyyətdən dərs çıxaraq və qarşıdakı qarşılaşmalra daha yaxşı çıxış edək. Dörd oyuna üç xal bizi, təbii ki, qane etmir. Düşünürəm ki, daha çox xal toplaya bilərdik. Bəzi oyunlarda bunun üçün imkanlarımız da oldu, amma istədiyimiz nəticələri əldə edə bilmədik. Bununla belə, mövsüm davam edir və qarşıda hələ çox matç var. Bizim üçün hər qazanılan xal vacibdir və həmin xalların gələcəkdə turnir cədvəlinə təsiri olacaq. Ona görə də bundan sonra maksimum xal toplamağa çalışmalıyıq".

Musayev komandasının növbəti turda "Sabah"la qarşı görüşdən gözləntisini də bölüşüb:

"Qarşıda "Sabah"la görüşümüz var. Rəqib ölkənin iki güclü komandasıından biridir və bizi asan qarşılaşmanın gözləmədiyini bilirik. Belə oyunlarda həm rəqibin səviyyəsi, həm də matçın gərginliyi yüksək olur. Amma məhz belə matçlar lazımdır ki, daha da inkişaf edək, böyüyək və özümüzü daha güclü rəqiblərə qarşı sınayaq. Hələ həmin oyuna qədər vaxtımız var. Bu müddətdə yaxşı hazırlaşmalı, səhvlərimizi analiz etməli və "Sabah"la qarşılaşmaya ən yaxşı şəkildə çıxmalıyıq".

Qeyd edək ki, "Şəfa" Misli Premyer Liqasında 4 turdan sonra 3 xalla 10-cu pillədə qərarlaşıb.