Rayan Mendesi zorlamada ittiham edən qadına qarşı yalan ifadə verməklə bağlı ittiham irəli sürülüb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Xatırladaq ki, iyun ayında braziliyalı bir qadın Kabo-Verde millisinin kapitanını cinsi zorakılıqda ittiham etmişdi.
Yeni Zelandiyada yaşayan qadının sözlərinə görə, hadisə martın 27-də Oklend şəhərindəki otellərdən birində baş verib. O, Mendesin onu döydüyünü, boğduğunu, dişlədiyini və nəticədə zorladığını iddia edib. Braziliyalı qadın məhkəmə-tibbi ekspertizasından keçib və polisə şikayət ərizəsi verib.
Lakin Yeni Zelandiya polisi 40 yaşlı qadını yalan ifadə verməkdə ittiham edib. O, noyabrın 10-da keçiriləcək məhkəmə iclası üçün Oklend Dairə Məhkəməsinə çağırılıb. Mendeslə bağlı istintaq isə dayandırılıb.
Detektiv-inspektor Skott Berd məələ ilə bağlı açıqlama verib:
"Belə hallarda ittiham irəli sürmək qərarı asanlıqla verilmir. Bu, böyüklərə qarşı cinsi zorakılıq işləri üzrə ixtisaslaşmış istintaq qrupumuzun aylarla davam edən araşdırmasının nəticəsidir".
Qeyd edək ki, Rayan Mendes ötən yay Mərakeşin RSB klubuna transfer olunub.