"Nyukasl"ın müdafiəçisi Amar Dediç ox və yayla bağlı baş verən bir hadisədən sonra Britaniya polisinin diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. 

 

Polis əməkdaşları futbolçunu və onun bir dostunu varlıların yaşadığı Darras Hall ərazisində, avtomobillərinin içində olarkən saxlayıblar. Axtarış zamanı polis ox və yay aşkar edərək götürüb. Məlum olub ki, bir qədər əvvəl yerli sakinlərdən biri Nyukasl yaxınlığındakı kənd ərazisində, su hövzəsinin yanında əllərində silah olan iki nəfəri görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Çağırışa altı polis maşını, o cümlədən silahlı müdaxilə qrupları cəlb olunub. Dediç və onun yoldaşı ilə söhbət etdikdən sonra polis əməkdaşları ictimaiyyət üçün heç bir təhlükənin olmadığı qənaətinə gəliblər. Daha sonra polis bildirib ki, həmin əşyalardan əyləncə məqsədilə istifadə olunub.

 

Buna baxmayaraq, hadisə ilə bağlı araşdırma davam edir. Polisin verdiyi məlumata görə, futbolçu və dostu müəyyən olunmayan bir hədəfə doğru bir neçə ox atıblar. Böyük Britaniyada yay və ya arbalet vasitəsilə hər hansı heyvan və ya quşu ovlamaq qadağandır.