"Kəpəz"in bir neçə oyununu izləmişəm. Komanda öz meydanında çox yaxşı təsir bağışlayır". Bu sözləri Sport24.az-a açıqlamasında Gəncə təmsilçisinin sabiq kapitanı Yeqor Xvalko deyib.
29 yaşlı müdafiəçi "sarı-göylər"in cari mövsümdəki çıxışını dəyərləndirib:
"Uşaqlar həqiqətən də azarkeş dəstəyinə layiqdirlər. Yəqin ki, heç kim komandadan belə nəticə gözləmirdi. Artıq "Kəpəz"in əla stadionu da var. Matçlara çoxlu azarkeş gəlir və möhtəşəm atmosfer yaradırlar".
Qazaxıstanın "Atırau" klubu ilə müqaviləsi başa çatan belaruslu futbolçu yenidən Azərbaycana qayıtmaq istədiyini də gizlətməyib:
"Mövsümün son oyunundan sonra müqaviləmin müddəti başa çatdı. Hazırda hər şey mümkündür. Mənim üçün yaxşı təklif olsa, böyük məmnuniyyətlə Azərbaycana qayıdaram".
Qeyd edək ki, futbolçu 2022-ci ildən 2025-in yayına qədər "sarı-göylər"in formasını geyinib.