"Bavariya"nın idman direktoru Maks Eberl komandanın fransalı futbolçusu Maykl Olisenin gələcəyi ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, Eberl "Sport Bild"ə müsahibəsində Olisenin "Real"a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, futbolçunun və ya nümayəndələrinin mümkün transferlə bağlı klubla əlaqə saxlamadığını deyib:
"Qətiyyən belə bir şey olmayıb".
Eberl Olisenin "Bavariya" üçün vacib futbolçu olduğunu vurğulayıb. O bildirib ki, klub Çempionlar Liqasını qazanmaq istəyirsə, fransalı yarımmüdafiəçinin satışı müzakirə mövzusu belə ola bilməz:
"Çempionlar Liqasını qazanmaq istəyirsinizsə, bu sual gündəmə belə gəlməməlidir. Heç bir məbləğ bizi şirnikləndirməməlidir".
Klub rəsmisi Olisenin xarakterini də yüksək qiymətləndirib:
"Onun tərzini çox sevirəm. O, sadəcə futbol oynamaq istəyən biridir. Onun üçün futbol həyatdır. Bizim axtardığımız oyunçu tipi də məhz budur".
Qeyd edək ki, 2029-cu ilə qədər "Bavariya" ilə müqaviləsi olan Olisenin sözləşməsində sərbəst qalma maddəsi yoxdur. Eberl futbolçunun sözləşməsinin yenilənməsi məsələsinin gələn yaya qədər müəyyənləşməsini istədiklərini bildirib.