Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb. Sport24.az xəbər verir ki, sentyabrın 10-da keçirilən görüşdə federasiya prezidenti cüdoçuları son yarışlarda qazandıqları nəticələr münasibətilə təbrik edib.

 

Rəşad Nəbiyev 20–23 avqustda Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabrda Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında əldə olunan nəticələrin əhəmiyyətini vurğulayıb. O, xüsusilə idmançıların yarışlar zamanı, o cümlədən çətin məqamlarda nümayiş etdirdikləri xarakteri yüksək qiymətləndirib.

 

ACF prezidenti bu uğurların federasiyada aparılan sistemli işin nəticəsi olduğunu bildirib. O, qazanılan medallarda məşqçi və tibbi heyətin, digər mütəxəssislərin, eləcə də federasiyanın bütün əməkdaşlarının əməyinin olduğunu qeyd edib.

 

Rəşad Nəbiyev əsas hədəfin yeniyetmə və gənclər səviyyəsindəki uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu deyib. O, cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim üzərlərində çalışmağı və idmanla yanaşı, təhsilə də diqqət yetirməyi tövsiyə edib.

 

Görüşdə nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin vacibliyi də diqqətə çatdırılıb. Daha sonra federasiya prezidenti idmançılarla fərdi söhbətlər apararaq onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.

 

Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında komanda hesabında 5-ci olub.

 

Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Azərbaycan millisi 44 ölkə arasında komanda hesabında 2-ci, oğlanların sıralamasında isə 1-ci yeri tutub.