Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi FIFA prezidenti Canni İnfantinonun yenidən seçilməsinə qarşı çıxan federasiya rəhbəri Filip Diallonun mövqeyini təsdiqləyib. Sport24.az "L'equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FIFA Konqresində İnfantinonun prezident seçilməsinə dəstək verməyəcək.
FFF prezidenti Filip Diallo uzun müddətdir İnfantinonun rəhbərliyindən narazılığını açıq şəkildə ifadə edir. İngiltərə və İtaliya da daxil olmaqla, təxminən 12 Avropa ölkəsi artıq eyni mövqeni ortaya qoyub. Diallo xüsusilə İnfantinonun Dünya Çempionatının media hüquqlarının ABŞ prezidenti Donald Trampla əlaqəli investorlar tərəfindən idarə olunan özəl fondlara satılması planına qarşı çıxıb. O, həmçinin milli komandaların son mundialda əldə etdiyi mükafatların aşağı olmasını tənqid edib.
Fransa rəsmisi Klublararası Dünya Çempionatının daha yüksək maliyyələşdirilməsindən də narazıdır. Qeyd edək ki, turnirin qalibi olan "Çelsi" təxminən 100 milyon avro mükafat qazanıb. Bu məbləğ milli komandalar arasında keçirilən Dünya Çempionatının qalibinə verilən mükafatdan təxminən iki dəfə çoxdur.
Diallo İnfantinonun mühüm qərarları bir çox hallarda təkbaşına qəbul etməsini və UEFA daxilindəki rəhbər şəxslərlə məsləhətləşməməsini də tənqid edib. UEFA İcraiyyə Komitəsinin üzvü olan Diallo Avropa futbolunun rəhbəri Aleksander Çeferinlə də eyni mövqedədir. Çeferinin də İnfantinonun FIFA prezidenti postundan uzaqlaşdırılmasını istədiyi bildirilir.