"Bu oyunu çox səbirsizliklə gözləyirəm. "Sabah"ın oyun üslubu çox xoşuma gəlir. Komandanın meydanda nümayiş etdirdiyi futbol və oyun fəlsəfəsi maraqlıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
Keçmi funksioner UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərədə baş tutacaq "Mançester Yunayted" - "Sabah" qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
"Baş məşqçi Valdas Dambrauskasın işinə və bacarığına heç bir şübhəmiz yoxdur. Futbolçular da meydanda bir-birinə yaxşı uyğunlaşıblar və kollektiv şəkildə mübarizə aparırlar. "Mançester Yunayted"ə səfərdə qalib gəlmək, əlbəttə, ağlabatan görünmür. Buna baxmayaraq, "Sabah"ın İngiltərə səfərində öz oyununu ortaya qoya biləcəyinə inanıram. Təmsilçimiz bu səfərdən bir xalla qayıda və ya minimum top fərqi ilə məğlub ola bilər. Əsas məsələ komandanın öz oyunundan kənara çıxmaması və matçın sonuna qədər mübarizəni davam etdirməsidir. Adətən belə görüşlərdə ilk 20-30 dəqiqə komandaların nəyə qadir olduğunu göstərir. Bu baxımdan "Sabah"ın həmin müddətdə qapısında qol görməməsi komanda üçün psixoloji baxımdan da müsbət təsir edə bilər. Komandamız öz planına və oyun üslubuna sadiq qalmalıdır. Matçın gedişində komandaların fiziki durumu, hesab və məşqçilərin verdiyi qərarlar da önəmli rol oynayacaq. Ona görə də düşünürəm ki, "Sabah" üçün əsas məsələ oyunun əvvəlindən sonuna qədər intizamlı və inamlı çıxış etməkdir".
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.