Misli Premyer Liqasında IX tura yekun vuruldu. Sport24.az xəbər verir ki, hesabat turunda 16 qol vuruldu və nəticələr bir daha göstərdi ki, çempionatda heç kim üçün asan oyun yoxdur.

"İmişli"nin "Şamaxı" üzərində qələbəsi turun sürprizini yaratdı, "Kəpəz" səfərdə üç xal götürdü, "Zirə" beş qolluq oyunda qalib gəldi. "Neftçi" azlıqda qalsa da, uduzmadı. Zirvədə isə "Sabah" – "Qarabağ" matçı sükutla başa çatdı.

"Araz-Naxçıvan" yenə uduzdu

"Araz-Naxçıvan"ın ilk qələbə həsrəti davam edir. Naxçıvan təmsilçisi bu dəfə də Şamaxıda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub oldu. Artıq məsələ təkcə nəticədə deyil, komandanın bu gedişlə çempionatda özünə yer tapmaqda çətinlik çəkməsindədir. "Qəbələ" isə səfərdə üç xal götürərək turnir cədvəlində nəfəs aldı.

"Zirə"dən vacib qələbə

"Zirə" ilə "Sumqayıt"ın görüşü turun ən məhsuldar qarşılaşmalarından biri oldu. Meydan sahibləri 3:2 hesablı qələbə ilə üç xal qazandılar. Beş qolluq mübarizə "Zirə"nin yuxarı sıralardakı iddiasını qoruması baxımından əhəmiyyətlidir. "Sumqayıt" isə ardıcıl uğurlu nəticələrdən sonra bu dəfə səfərdən əliboş qayıtdı.

"Kəpəz" səfərdə də güvən verir

"Kəpəz" "Şəfa"nı 2:1 hesabı ilə məğlub edərək daha bir vacib üç xal qazandı. Gəncə təmsilçisi son turlarda nəticə baxımından özünə inam qazanır. "Şəfa" isə növbəti məğlubiyyətlə üzləşərək turnir cədvəlinin aşağı hissəsindəki vəziyyətini daha da çətinləşdirdi. "Kəpəz" üçün isə bu qələbə artıq təsadüfi nəticə kimi görünmür.

"Neftçi" yenə xal itirdi

"Neftçi" – "Turan Tovuz" matçının 1:1 hesabı ilə başa çatması paytaxt təmsilçisi üçün itirilmiş iki xal kimi qiymətləndirilə bilər. Xüsusilə çempionluq hədəfi olan komanda doğma meydanda belə oyunlarda maksimum nəticə qazanmalıdır. "Turan Tovuz" isə əvvəlki turlardakı qeyri-sabit görüntüdən sonra liderlərdən birinə qarşı xal götürməklə özünə müəyyən qədər inam qazanır. Lakin çempionluq iddiası üçün Tovuz təmsilçisinin bundan daha artığına ehtiyacı var.

İmişlidən böyük sürpriz

Turun ən gözlənilməz nəticələrindən biri Yevlaxda qeydə alındı. Meydan sahibləri "Şamaxı"nı 2:1 hesabı ilə məğlub etdi. Son turlarda hamını təəccübləndirən "Şamaxı" bu dəfə özü sürprizlə üzləşdi. "İmişli" üçün isə bu qələbə mövsümün ən dəyərli nəticələrindən biri sayıla bilər. Belə üç xallar aşağı sıralarda mübarizə aparan komandalar üçün xüsusi əhəmiyyət daşıyır.

Zirvədə qol səsi çıxmadı

Turun mərkəzi qarşılaşması "Sabah" – "Qarabağ" oyunu idi. Amma futbolsevərlər bu dəfə qol görə bilmədi. Qarşılaşma 0:0 hesabı ilə başa çatdı və hər iki komanda bir xalla kifayətləndi.

Bu nəticə "Sabah"ın Çempionlar Liqasındakı gərgin təqvimdən sonra daxili çempionatda da rəqabəti qoruduğunu göstərir. "Qarabağ" üçün isə səfərdən bir xal pis nəticə sayıla bilməz, amma çempionluq yarışında belə qarşılaşmalarda maksimum nəticə xüsusilə vacibdir.