Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun qapanış matçında “Qəbələ” “Zirə” ilə görüşəcək.

Bakıda baş tutacaq qarşılaşma iki rəqib arasında ümumilikdə 27-ci duel kimi tarixə düşəcək. Əvvəlki 26 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” 12 heç-heçə edib və 5 dəfə məğlub olub. Rəqib qapısına 34 qol vuran “Qəbələ” 23 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. 

İndiyədək keçirilən 26 görüşdən 24-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 7 dəfə rəqibini üstələyən “Qəbələ” 12 matçdan 1 xalla ayrılıb. Digər 5 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 27 qol vuran “qırmızı-qaralar” 21 top buraxıb.

14-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 13 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda 4 dəfə qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Qəbələ” matçına saat 18:15-də start veriləcək.