"Şerif" çox güclü və avrokubok təcrübəsi zəngin komandadı. Tiraspol təmsilçisi Moldova çempionatında daim çempionluğa oynayan komandadı. Yalnız son mövsümdə gümüş medallarla kifayətlənib. Bu gün "Zirə"ni çox çətin sınaq gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Zaur Həşimov deyib.

 

Qəsəbə təmsilçisinin bu gün keçirəcəyi oyunla bağlı fikilərini bölüşən millinin sabiq üzvü Rəşad Sadıqovun çalışdırdığı komandanın səfərdən sərfəli nəticə ilə geri dönəcəyinə inandığını vurğulayıb:  "Şerif"in heyətinin əsasını legionerlər təşkil edir. Amma bundan qorxmaq lazım deyil. Meydana yüksək motivasiya ilə çıxıb sonadək mübarizə aparmaq lazımdı ki, inanıram "Zirə" də bunu edəcək. Rəşad müəllim ötən mövsüm uğurlu çıxış edən kollektivin özəyini qoruyub saxladı. Əlavə olaraq David Volkov və Junior Martins kimi hücumda faydalı olan futbolçuların düşərgəyə dəvət olunması komandanın gücünə güc qatacaq. Hər ikisinin "Zirə"yə kömək edəcəyinə inanıram. Oyun öncəsi nikbinəm və ümid edirəm bu cütdə mərhələ keçən tərəf məhz bizim komanda olacaq".

 

Qeyd edək ki, bu gün keçiriləcək "Şerif" – Zirə" matçının start fiti saat 21:00-də səslənəcək.

ABDULLA İSMAYILOĞLU