Premyer Liqada VIII tura yekun vurulub. 8-ci oyun həftəsindən sonra turnir cədvəlində lider dəyişməyib. "Qarabağ" zirvədə qərarlaşıb, ikinci pillədə "Araz-Naxçıvan" yer alıbsa, ilk "üçlüy"ü "Zirə" tamamlayır. "Qartallar"la eyni xala malik "Şamaxı" da avrokubok zonasında lövbər salıb. Bəs tur necə yadda qaldı?

 

"Qarabağ" – "Sabah" 3:2

 

Turun mərkəzi qarşılaşması "Azersun Arena"da keçirilib. Həftəiçi İngiltərəyə səfər edən "süvarilər" "doğma divarlar" arasında iddialı "Sabah"la üz-üzə gəlib. Cümə axşamı Avropa Liqasının Liqa mərhələsinin I turunda "Tottenhem"lə qarşılaşan ağdamlıların ağır görüş keçirdiyini və yorucu səfərdən döndüyünü nəzərə alsaq, "bayquşlar"ın Suraxanıdan xal və ya xallarla dönmək ehtimalının böyük olduğunu düşünmək olardı. Ancaq Qurban Qurbanovun yetirmələri artıq ilk hissədə vurduğu 3 qolla oyunun müqəddaratını həll edə bildi. Düzdü, Masazır təmsilçisi buraxılan qollardan ikisinin əvəzini çıxmağı bacardı. Amma "bayquşlar"ın müdafiəsinin zəif oyunu "Qarabağ"a 6-cı qələbəsini rəsmiləşdirməyə mane ola bilmədi.

 

"Araz-Naxçıvan" – "Səbail" 3:2

 

Turdan-tura oyun planında "artıran" Naxçıvan klubunun hazırda turnir cədvəlinin ikinci pilləsində olması heç də qəribə görünmür. Elmar Baxşıyevin çalışdırdığı kollektiv şən və baxımlı oyunla xal ehtiyatını artırmaqda davam edir. Hücumda kəsərli olan "qırmızı-ağlar" müdafiədə etibarlı, yarımmüdafiədə isə yaradıcı oyunla rəqiblərini məyus etməyi bacarır.

"Səbail" isə "qara zolaq"dan çıxa bilmir. Şahin Diniyev hər oyundan sonra komandasının düz yolda olduğunu bildirsə də, bu nəticədə özünü əks etdirmir. Yaxşı ki, cari mövsümdə "Kəpəz" kimi aşkar autsayder var. Əks halda paytaxt klubunu elitanı tərk etməyə ən real namizəd saymaq olardı. Ancaq bu gedişlə "Səbail"in gələcəyi də qaranlıq görünür.

 

"Zirə" – Kəpəz" 3:0

 

Qəsəbənin eyniadlı təmsilçisi "Kəpəz"lə oyunda çətinlik çəkmədən aktivinə 3 xal yazdırdı desək, yanılmarıq. Rəşad Sadıqovun "qartallar"ı bütün göstəricilərdə rəqibdən üstün oldu. Gəncəlilər biabırçı hesabla uduzmadıqlarına görə sevinməlidi. VIII turda xal üzünə həsrət qalan "sarı-göylər" bu cür biabırçı oyunla çətin ki, nəyəsə ümid edə bilər...

 

"Neftçi" – "Sumqayıt" 1:1

 

Təmirdən yeni çıxan "Neftçi Arena"da son turların iki uğursuz komandası qarşılaşdı. Roman Qriqorçukun rəhbərliyi altında qələbə üzünə həsrət qalan "Neftçi" "Sumqayıt"ı qonaq edirdi. Hər iki tərəf ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı önündə axtarırdı ki, bu da qələbə istəyindən irəli gəlirdi. Meydan sahiblərindən fərqli, "kimyaçılar" daha inzamlı oyunla yadda qaldılar. Və bunun məntiqi nəticəsi kimi də matçda hesabı ilk açan qonaqlar oldu. Bəlkə də hakim səhvi olmasaydı, Samir Abasovun yetirmələri paytaxtdan 3 xalla qayıda bilərdilər. Ancaq nədənsə Cavid Cəlilov iki epizodda "ağ-qaralar"ın qapısına aşkar penaltini təyin etmədi. Meydan sahibləri çətinliklə də olsa bərabərlik qolunu vuraraq, xal ehtiyatını 1 xal da artırmağı bacardı. Samir Abasovun təbirincə desək, "Sumqayıt" iki xal itirdi, "Neftçi" isə 1 xal qazandı.

 

"Şamaxı" – "Turan Tovuz" 2:2

 

Turun ən dramatik, baxımlı oyunu heç şübhəsiz ki, Şamaxıda oldu. Erkən qolla hesabda önə çıxan qonaqlar az qalmışdı ki, məğlub olsunlar. Son saniyələrdə meydan sahiblərinin qapısına təyin olunan penalti olmasaydı, Ayxan Abbasov və yetirmələri Qərb klubunu evə əliboş yola salacaqdı.