"Transferlərin sayı və futbolçuların ad-sanına görə hansısa komandanın gücləndiyini və ya çempionluq uğrunda mübarizə aparacağını söyləmək olmaz". Bu sözləri Sport24.az-a açıqlamasında Tural Əsgərov deyib.

Tanınmış menecer komandaların yay transfer pəncərəsini dəyərləndirib:

"Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun yeni komandaya və kollektivə uyğunlaşması müəyyən vaxt tələb edə bilər. Ən yaxşı transferin belə komandaya adaptasiya ilə bağlı problem ortaya çıxa bilər. Hər oyunçu əvvəlki klubunda göstərdiyi performansı yeni komandasında dərhal nümayiş etdirə bilməz. Çoxsaylı transferlərin ən mənfi cəhətlərindən biri də komandanın yenidən qurulmasıdır. Yeni futbolçuların bir-birinə, məşqçinin oyun sisteminə və komandanın tələblərinə uyğunlaşması müəyyən vaxt alır. Bu müddət ərzində kollektivin oyununda istənilən sabitliyi əldə etməsi çətin ola bilər".

Əsgərov bildirib ki, mövsümün əvvəlində itirilən xallar sonradan ciddi problemlərə yarada bilər: 

"Mövsümün əvvəlində itirilən xallar "futbol ili"nin sonunda özünü büruzə verəcək. Çempionluq və ya mükafatçılar sırasına düşmək uğrunda mübarizədə hər xalın böyük əhəmiyyəti var. Buna görə də transferlərin çoxluğundan daha çox, yeni futbolçuların komandaya nə dərəcədə uyğunlaşması və kollektivin nə qədər tez formalaşması vacibdir".

Qeyd edək ki, yay transfer dövrü 10.09.2026 (saat 23:59)da başa çatır.