Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və FIFA festivalı çərçivəsində ənənəvi fərdi mükafatlar əvəzinə komandaların birliyini və dəyərlərini ön plana çıxaran üç xüsusi nominasiya təsis olunub. Sport24.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino 189 komandanın mübarizə apardığı bu tarixi tədbirin gənclər arasında əsl bayram ab-havası və inanılmaz enerji yaratdığını qeyd edib.

 

Digər yarışlardan fərqli olaraq, Bakıdakı turnirdə "Qızıl buts" və ya "Fair-play" kimi fərdi mükafatlar verilməyəcək. Qaliblər rəsmilərin qərarı ilə deyil, futbolçuların öz aralarındakı səsvermə əsasında üç kateqoriya üzrə müəyyənləşəcək.

 

"Distinctive Identity Award" (Özünəməxsusluq mükafatı) aydın oyun tərzi, dəyərləri və fərdi xüsusiyyətləri ilə seçilən kollektivə təqdim olunacaq. "United by Football Award" (Futbol birləşdirir) komanda daxilindəki qarşılıqlı dəstəyi, daxili birliyi və müsbət atmosferi ən yaxşı əks etdirən komandaya veriləcək. "Positive Energy Award" (Pozitiv enerji mükafatı) ehtiyat oyunçular skamyasındakı münasibət, çətinliklərə reaksiya və nümayiş olunan böyük həvəsə görə seçiləcək.