"Şahdağ Qusar"a məğlubiyyət komandamız üçün ağır oldu. Açığı, 1:9 hesabı ilə uduzacağımızı gözləmirdim". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

Birinci Liqa təmsilçisinin çalışdırıcısı Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Şahdağ Qusar"a böyük hesabla məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb:

"Bu, bizim üçün çox üzücü nəticədir və klubun tarixinə qara hərflərlə yazıldı. Rəqib bizdən üstün oynadı və bunu meydanda göstərdi. Bizdən fərqli olaraq, 100 faizlik qol epizodlarından maksimum yararlandılar. Komandamızda heç bir problem yoxdur. Bu gün səhər məşqimiz də olub. Düzdür, belə hesabla məğlubiyyət futbolçulara psixoloji cəhətdən çox pis təsir edib. Bu cür nəticədən sonra özünə gəlmək asan deyil. Bununla belə, çalışacağıq ki, çempionat matçlarında bu vəziyyəti aradan qaldıraq və qarşıdakı matçlarda daha yaxşı çıxış edək.

Qarşılaşmadan sonra rəhbərliklə görüşümüz olub, iradları qəbul etmişik. Qarşıdakı oyunlarda bu məğlubiyyətdən düzgün nəticə çıxarmağımız vacibdir".

Qeyd edək ki, MOİK - "Şahdağ Qusar" matçı qonaqların 1:9 hesablı qələbəsi ilə yekunlaşıb.