FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının formatı haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, AS nəşrinə müsahibə verən fransalı mütəxəssis 189 ölkənin iştirak etdiyi qlobal turnirin gözləntiləri tam doğrultdğunu vurğulayıb:
"Deyərdim ki, hər şey mükəmməl işləyir. Biz 11 nəfərlik deyil, daha az oyunçunun iştirak etdiyi format istəyirdik. Çünki ölkələr arasındakı səviyyə fərqi çox böyük olardı. Həmçinin matçların daha qısa olmasını istəyirdik ki, bütün komandalar bir-biri ilə qarşılaşmaq imkanı qazansın. Hər bir istedada şans vermək dedikdə, məhz imkan yaratmaq nəzərdə tutulur. Buraya gəlib oynaya və yüksək səviyyəli futbolda özlərinə yer tapmaq üçün kifayət qədər bacarıqlı olduqlarını görə bilərlər".
Venger bu cür yarışların xüsusilə inkişafda olan futbol ölkələrinin yeniyetmələri üçün müstəsna əhəmiyyət daşıdığını bildirib:
"Həyatda hansısa idman növünə həvəsin varsa, öz səviyyəni bilmək istəyirsən. Buna görə hamı ilə oynamalısan. Kiçik ölkələrin komandaları böyük ölkələrin təmsilçiləri ilə qarşılaşmalıdırlar. Sonra onlar evlərinə arzular və xoş xatirələrlə, eyni zamanda, inkişaf etmək üçün hansı istiqamətlərə diqqət yetirməli olduqlarını bilərək qayıda bilərlər. Çünki artıq öz səviyyələrini tanıyırlar".