"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə Polşada keçirilən ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az "Lublin24" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı qolkiper Lubnindəki qarşılaşmanın onun üçün xüsusi olduğunu bildirib.
Lublindən 20 kilometr məsafədə yerləşən Piasqidən olduğunu deyən Koxalski tribunada doğma şəhərindən çoxsaylı azarkeşlərin olduğunu vurğulayıb:
"Evdə olmaq həmişə daha yaxşıdır. Mən Lublindən 20 kilometr aralıda yerləşən Piasqidənəm. Oyunda, deyəsən, demək olar ki, bütün Piaski var idi. Bu, çox xoş idi. Mən nadir hallarda belə təzyiq hiss edirəm. Çünki mənim üçün ən vacib insanlar bu oyunda idilər. Təəccüblüdür ki, bu, Lublin stadionunda debütüm oldu".
Polşalı futbolçu ötən mövsüm "Qarabağ"ın heyətində Çempionlar Liqasında qazandığı təcrübədən də danışıb.
O, komandanın yeni mövsümdə ciddi dəyişikliklər yaşadığını və uyğunlaşmaq üçün zamana ehtiyac olduğunu qeyd edib:
"Komanda çox dəyişib. Çoxlu futbolçu ayrılıb, çoxlu yeni oyunçu gəlib. Komandaya vaxt lazımdır. İnanıram ki, hər şey öz qaydasına düşəcək."
Qapıçı Azərbaycandakı futbolun inkişaf etdiyini düşünür:
"Burada Polşa Ekstraklasasında oynaya biləcək klublar var. Amma elə komandalar da var ki, yəqin ki, I və ya II liqada mübarizə aparardılar. Səviyyə və infrastruktur baxımından fərqlər var. Ümumilikdə Azərbaycanda futbol inkişaf edir və ildən-ilə liqa daha da bərabər səviyyəyə gələcək".
Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bununla belə, onun yay transfer pəncərəsində klubdan ayrıla biləcəyi barədə xəbərlər yayılıb. Jurnalistin Azərbaycanda özünü yaxşı hiss edib-etmədiyi barədə sualına qapıçı əvvəlcə susub, daha sonra "Bəli" cavabını verib.
Ekstraklasaya qayıtmaq ehtimalı ilə bağlı isə o, belə deyib:
"Görək nə olacaq. Ekstraklasada yenidən oynamaq yaxşı olardı. Hər stadionda möhtəşəm atmosfer, azarkeşlər var. Bunun özünəməxsus ab-havası var və liqa inkişaf edir."
Koxalskinin qarşıdakı taleyi ilə bağlı ən diqqətçəkən açıqlaması isə belə olub:
"Hər şeyi deyə bilmərəm."
Polşa mətbuatında yayılan məlumatlara görə, qapıçının xidmətində Dortmund "Borussiya"sının da maraqlı olduğu bildirilir.
Koxalski həmçinin Polşa millisində oynamağın onun ən böyük arzusu olduğunu vurğulayıb:
"Polşa millisində oynamaq mənim ən böyük arzumdur. Bu arzumu reallaşdırmaq üçün əlimdən gələni edirəm. Düşünürəm ki, hər şey harada və necə oynamağımdan asılıdır. İndilik səbirli olmalı və şansımı gözləməliyəm".