"Kəpəz" klubunun futbolçusu Camal Cəfərovun Sport24.az-a müsahibəsi
- Premyer Liqanın 30-cu turunda "Araz-Naxçıvan"la qolsuz heç-heçə etdiniz. Oyunla bağlı nə deyə bilərsən?
- Düşünürəm ki, yaxşı oyun sərgilədik. Baş məşqçinin bütün göstərişlərinə əməl etdik. Həm hücumda, həm də müdafiədə yaxşı idik. Sonda bir az bəxtimiz gətirmədi. Bunun üzərində işləyəcəyik
- Son sıradakı "Səbail"dən səkkiz xal irəlidəsiniz. Səncə, rəqib sizi keçə bilər?
- Qarşıdakı hələ ki, altı tur var. Amma ümid edirəm kİ, "Səbail" bizi keçməyəcək. Komandamız hər matçda qalib gəlmək əzmindədir. Turnir cədvəlində yüksəlməyə çalışacağıq.
- Ümumiyyətlə "Kəpəz"in cari mövsümdəki çıxışını necə qiymətləndirirsən?
- Pis deyil, normaldır. Amma məncə, daha çox məhsuldar oyunlar göstərə bilərdik. Bütün qol imkanları reallaşmır. Üzərində çalışacağımız məsələlər var.
- Səncə, "Kəpəz"in növbəti mövsüm üçün hədəfləri nə olacaq?
- Təbii ki, ilk dördlüyə düşmək və müvafiq olaraq avrokuboklara vəsiqə qazanmaq.
- İcarə əsasında "Kəpəz"də çıxış edirsən. Cari mövsüm çempionatda 25, kubokda 4 matçda meydanda olmusan. Sənə yeni müqavilə təklif edilib?
- Hələlik "Kəpəz"dən hər hansı təklif gəlməyib. "Sabah"la müqaviləm isə 2026-cı ilin yayınadək qüvvədədir. Necə olacağını zaman göstərəcək.
- Növbəti mövsüm Premyer Liqamızda legioner limiti ləğv edilir. Səncə, bu, yerli futbolçulara necə təsir edəcək?
- Düşünürəm ki, bu, yerli oyunçuları daha yaxşı oynamağa həvəsləndirəcək. Klublarında əsas heyətdə yer almağa layiq olduqlarını sübut etməyə çalışacaqlar.