"Hesab edirəm ki, yayda transfer çalışmalarımız böyük idi. Amma bu, istədiyimiz nəticəni vermədi. Təəssüf ki, gözləmədiyimiz halda bizi aparıcı futbolçumuz tərk elədi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
Keçən yay etdikləri transferləri uğurlu sayan klub rəhbəri əsas diqqəti gözlənilməz ayrılığa yönəldib: "Anton Krivotsyukun bizimlə başa çatan müqaviləni uzatmayacağını əvvəldən bilirdiksə, avrokubokların gərgin bir vaxtında bombardirimiz Namiq Ələsgərov bizimlə yolları ayırdı. Bu isə bizə böyük zərbə idi. Təbii ki, Azərbaycanda olan legioner limitini, "Neftçi"nin hansı heyətlə meydana çıxdığını nəzərə alsaq, bu, bizə böyük problemlər yaratdı - hətta yay transfer fəaliyyətimizi böyük ölçüdə başa vurandan sonra. Bununla belə, vaxtında tədbirlər gördük və artıq bu qış transfer dövründə vəziyyəti düzəltdik. Amma bunun nə dərəcədə effektiv olduğunu zaman göstərəcək. İstənilən halda, hesab edirəm ki, yay transferlərimiz keyfiyyətli idi. Amma o başqa məsələ ki, Namiqin gedişi heyətə təsir göstərdi, yenilərin hamısı çox oynaya bilmədi. Tez bir zamanda əvəzləyici tapmağa çalışdıq və "Sumqayıt"dan Xəyal Nəcəfovu transfer elədik. Onu da nəzərə alaq ki, Namiq neçə il "Neftçi"də oldu, yalnız 3-4-cü mövsümdə - 2020/21-də maksimal səviyyəsini göstərə bildi. Yəni, "Neftçi"də hər şeyi tez bir zamanda göstərmək mümkün deyil".
"Neftçi" cari mövsümdə ən çox legioneri olan Premyer Liqa təmsilçisidi. Belə ki, baş məşqçi Samir Abasovun sərəncamında 11 əcnəbi futbolçu var. Quliyev gəlmələrin praktiki olaraq hamısının oynadığını, oynamayanları xatırlamadığını vuğrulayıb: "Keçənilki transfer çalışmalarımızı uğurlu sayıram. Bəli, hardasa sizinlə razılaşıram ki. bu mövsüm Biqrun, Laval kimi legionerlərimiz olmadı. Bilirsiniz, hər il alınmır belə səviyyədə legionerlər almaq, cəlb etmək, tapmaq. Götürək Mamadu Kaneni, 3 il əvvəl onu götürdük. Bu müddətdə nə qədər legioner gəldi o mövqeyə. Bilirsiniz ki, bütün dünyada, Avropada həmin mövqedə ən populyar Afrika təmsilçiləridi. Amma bizdə təkcə həmin qitədən yox, Cənubi Amerikadan da legionerlər var idi. "Neftçi"də Kanenin mövqeyinə çox oyunçu gəldi, ancaq hələ heç kim o səviyyəyə yüksəlmir. Kane karyerasına bizdə sıfırdan başladı və bu səviyyəyə qalxdı. Belə transfer hər il alınmır"ş
Maraqlıdı, Rusiya Premyer Liqa təmsilçisi "Ufa"dan gətirilən Azər Əliyev qış fasiləsində son transfer olacaq? Klub prezidentini dinləyək: "Fikrimcə bəli. Yalnız o halda ki, Kanenin gedişindən sonra optimal variant olmayacaq. Optimal bir variant tapsaq, Mamadunun mövqeyinə transfer olacaq. Olmayacaqsa, yox".
CEYHUN ƏLİYEV