"Gərgin oyun alındı. Hər iki komanda çox ehtiyatlı çıxış edirdi". Bu sözləri Sport24.az-a I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis liqanın 22-ci turunda "Baku Sportinq"lə heç-heçə etdiyi matç barədə fikirlərini bölüşüb:


"Stadionun vəziyyəti isə futbolçular üçün ciddi çətinlik yaradırdı – belə meydançada keyfiyyətli oyun sərgiləmək demək olar ki, mümkün deyil. "Baku Sportinq" bu stadionda müntəzəm məşq edib oynadığı üçün topla davranışda bizə nisbətən daha rahat görünürdü. Buna baxmayaraq, mübarizə baxımından rəqibdən geri qalmadıq və oyun ümumilikdə bərabər səviyyədə keçdi. Heç-heçəni ədalətli nəticə saymaq olar. Əgər meydança daha yaxşı vəziyyətdə olsaydı, daha çox qol epizodları yarada bilərdik. Çempionluq və Premyer Liqaya yüksəliş məsələsinə gəlincə, hələ heç nə rəsmiləşməyib. Bu səbəbdən ev oyunlarını hansı stadionda keçirəcəyimiz də bəlli deyil. Növbəti mövsümlə bağlı indidən danışmaq tezdir. Hazırda bütün diqqətimizi qarşıdakı matçlara yönəltmişik".

Qeyd edək ki, "Baku Sportinq" "Şəfa" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.