Qarşıdan gələn seçkilər ərəfəsində Canni İnfantino FİFA-ya üzv olan ölkələrin böyük əksəriyyətinin dəstəyinə sahibdir. Sport24.az "RMC Sport"a istinadən xəbər verir ki, bütün əlamətlər hazırkı FİFA prezidentinin növbəti müddətə yenidən seçiləcəyini göstərir.

 

Mənbənin sözlərinə görə, İnfantino artıq 211 üzv federasiyadan 180-dən çoxunun səsinə arxalana bilər. O, Afrika, Cənubi Amerika, Yaxın Şərq, Asiya və Okeaniya regionlarından demək olar ki, yekdilliklə dəstək alır. Qələbə qazanmaq üçün ona 106 səs lazımdır.

 

Qeyd olunur ki, bir çox federasiya İnfantinonu dəstəkləyir, çünki onun rəhbərliyi dövründə kiçik ölkələr böyük turnirlərdə iştirak etmək üçün daha geniş imkanlar, artan diqqət və resurslar əldə ediblər, həmçinin dünya futbol səhnəsində öz izlərini qoymaq üçün daha yaxşı şans qazanıblar.

 

Digər tərəfdən, əsasən Avropa federasiyalarından ibarət olan müxalifət hələ də narazı tərəfləri öz ətrafında birləşdirə biləcək bir namizəd tapa bilməyib.

 

İnfantinoya potensial rəqib kimi Arsen Vengerin FİFA prezidentliyinə namizədliyini irəli sürməyəcəyi də məlum olub.

Xatırladaq ki, beynəlxalq futbol qurumuna seçkilər 2027-ci il martın 18-də Mərakeşdə keçiriləcək.