Hazırda FİFA-nın Qlobal Futbolun İnkişafı üzrə rəhbəri vəzifəsində çalışan "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Vengerin FİFA prezidentliyinə namizədliyini irəli sürməsi ehtimalı azdır. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
77 yaşlı fransız mütəxəssis avqustun sonlarından etibarən, Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA konqresi çərçivəsində baş tutacaq növbəti prezident seçkilərində Canni İnfantinoya rəqib olmağı ciddi şəkildə nəzərdən keçirirdi.
Lakin Venger yekun qərar verməkdə tərəddüd edib və hazırda seçki mübarizəsinə qoşulmamaq qərarına daha yaxın olduğu görünür.
Vengeri namizədlik barədə düşünməyə vadar edən amillərdən biri İnfantinonun idarəçiliyinə qarşı artan narazılıq olub. Eyni zamanda, fransız mütəxəssis hesab edir ki, FİFA prezidenti vəzifəsi onun böyük təcrübə və səriştəyə malik olduğu sahədən – futbolun gündəlik, praktiki idarəçiliyindən çox uzaqdır.
Həftənin əvvəlində Vengerin FİFA prezidentliyinə namizədliyini nəzərdən keçirdiyini və gələn həftənin ortalarına qədər yekun qərarını verəcəyi gözlənilirdi.
Həmçinin, Fransa Prezidenti Emmanuel Makronun "Arsenal"ın keçmiş baş məşqçisini dəstəkləməyə hazır olduğu və ona öz dəstəyini təklif etdiyi barədə məlumatlar da yayılmışdı.
Qeyd edək ki, FİFA prezidentliyi seçkiləri üçün namizədliklərin təqdim edilməsinin son tarixi noyabrın 18-dir.