"Real"ın qapıçısı Tibo Kurtuanın sahibi olduğu "NXTPLAY Capital" şirkəti İtaliyanın üçüncü divizion klubu "Redjana"nın səhmlərinin 100 faizini almaq üçün təklif irəli sürüb.

 

Mənbənin sözlərinə görə, bu təklif aylarla davam edən gərgin işin nəticəsidir. Belçikalı qapıçını və onun biznes tərəfdaşı Qonsalo Villanı təmsil edən əməkdaşlar klubla bağlı ətraflı təhlil aparıb, Recço-Emilia şəhərinə və klubun qərargahına bir neçə dəfə səfər edib, həmçinin yerli sahibkarlar və sponsorlarla görüşlər keçirib.

 

"Redjana" 1993-1995-ci illər arasında A Seriyasında iki mövsüm keçirib, ötən mövsüm isə üçüncü diviziona  düşüb.

 

Qeyd edək ki, Kurtua artıq Fransanın "Le Mans" klubunda əsas pay sahibidir, həmçinin İspaniyanın "Extremadura" və Belçikanın "Genk" klublarının həmmülkiyyətçisidir. Maraqlıdır ki, Kurtua öz futbol karyerasına məhz "Genk"də başlayıb.