"Şəfa"ya bizimlə yoldaşlıq görüşü keçirdiyinə görə təşəkkür edirəm. Çox istəyirdim ki, Premyer Liqa təmsilçisinə qarşı oynayaq".  Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov deyib.

I Liqada mübarizə aparan komandanın çalışdırıcısı ötən gün yoldaşlıq görüşü çərçivəsində Premyer Liqa təmsilçisi "Şəfa"ya qalib gəldikləri (2:1) qarşılaşma barədə fikirlərini bölüşüb:

"Belə matçlarda komandamın çatışmazlıqlarını daha yaxşı görə bilirəm. Üzərində işləməli olduğumuz məqamları açıq-aydın müəyyənləşdirdik. Rəqibin gücünü bilirdik. Yoldaşlıq görüşü olsa da, görüşə ciddi hazırlaşmışdıq. Qarşıda bizi Birinci Liqanın iddialılarından olan "Gəncəbasar"la oyun gözləyir".

Füzuli Məmmədov komandasının çempionluq şanslarını dəyərləndirib:

"Futbolçulardan razı qaldığım və narazı qaldığım məqamlar oldu. Qalib gəlmək hər zaman xoşdur. Çempionatda güclü komandalar var və hələ mövsümün əvvəlindəyik. Qarşıda bizi çətin oyunlar gözləyir. Komandamız oyundan-oyuna istədiyim səviyyəyə yaxınlaşır. Birliyimiz sayəsində çempion olacağıq".

Qeyd edək ki, "Şahdağ Qusar" Birinci Liqada 7 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.