Braziliya millisinin ötən gün yoldaşlıq oyununda Yaponiya məğlubiyyəti yığmanın sabiq hücumçusu Romarionu özündən çıxarıb. Braziliya futbolunun canl əfsanəsi baş məşqçi Karlo Ançelottini kəskin tənqid edib və istefaya səsləyib. Sport24.az xəbər verir ki, Romario bu barədə sosial medih hesabında paylaşım edib:
"Ançelotti, bəsdir! Çantanı yığ və rədd ol! Sən dünya futbolu tarixinin ən böyük məşqçilərindən birisən, amma bütün nailiyyətlərin klub səviyyəsində olub. Braziliya millisində isə bura niyə gətirildiyini hələ də sübut edə bilməmisən. Artıq buna dözə bilmərik!
Məşqçilik fəaliyyətini davam etdirmək istəyirsən? Onda ad qazandığın klublara qayıt. Braziliya millisində hər şeyin öz-özünə düzələcəyinə ümid edərək risk etməyə davam edə bilməz".
Veteran futbolçu Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Saudaya da səslənib:
"Sən gəncsən, braziliyalısan və inanıram ki, futbolumuz üçün ən yaxşısını istəyirsən. İndi qərar qəbul etməyə cəsarətin olub-olmadığını göstərmək vaxtıdır.
Lənət şeytana, cənab prezident! Ançelottini qovun getsin! Millinin forması ilə belə oynamaq olmaz. Onsuz da kifayət qədər rüsvayçılıq görmüşük. Daha bir dünya çempionatını da əldən vermək riskinə gedə bilmərik.
Dünya Çempionatı əldən gedəndən sonra artıq ağlamağın bir xeyri olmayacaq. İndi hərəkətə keçməlisiniz!".
Qeyd edək ki, ötən gecə baş tutan görüşdə Yaponiya millisi Braziliyanı 3:2 hesabı ilə məğlub edib.